Ölüm, qurtar gordan məni | Akif Səməd

Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb «babı»dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.
 

2 şərh

pascal
Apollon, şeirin müəllifi sizsiniz?
pascal
Bağışlayın, şeirin adının yanında müəllifin adına fikir verməmişəm.